
Azmoder
22 Oktyabr 2024
AZMODER sədri Azər Haqverdiyev 22.10.2024 tarixində Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı ilə görüşərək dərnəyin fəaliyyəti, tələbə təşkilatlanması və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb.
22 oktyabr 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin sədri Azər Haqverdiyev Azərbaycan Turizm və Menecment Universitetini ziyarət edib.
Ziyarət çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı ilə görüş keçirilib. Görüş zamanı AZMODER-in yaranma məqsədi, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün həyata keçirdiyi fəaliyyətlər və gələcək planları haqqında ətraflı məlumat verilib.
Müzakirə zamanı tələbə təşkilatlanması, dərnəkçilik fəaliyyəti, tələbələrlə sistemli əlaqələrin qurulması və gənclərin ictimai fəaliyyətlərə daha aktiv cəlb olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Araz Aslanlı müəllim təşkilatçılıq və dərnəkçilik sahəsindəki zəngin təcrübəsini bölüşərək AZMODER-in gələcək fəaliyyəti üçün dəyərli tövsiyələr verib. Onun praktik yanaşması, səmimi münasibəti və tələbə təşəbbüslərinə göstərdiyi diqqət bizim üçün ayrıca motivasiyaedici olub.
AZMODER olaraq inanırıq ki, təcrübəli akademiklər və universitet rəhbərləri ilə qurulan bu cür əlaqələr dərnəyimizin daha sistemli, faydalı və davamlı fəaliyyət göstərməsinə mühüm töhfə verir.
Səmimi qəbula, faydalı məsləhətlərə və göstərilən diqqətə görə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı müəllimə təşəkkürümüzü bildiririk.
