
Azmoder
22 Avqust 2024
AZMODER nümayəndələri 22.08.2024 tarixində Türkiyə Respublikasının Bakı Təhsil Müşaviri Yurdagül Aydoğan ilə görüşərək təhsil sahəsində qarşılıqlı əlaqələr, bürokratik proseslər və Türkiyədə təhsil alan tələbələrin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
22 avqust 2024-cü il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyinin nümayəndələri Türkiyə Respublikasının Bakı Təhsil Müşaviri Yurdagül Aydoğan ilə görüş keçiriblər.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin daha da gücləndirilməsi, bəzi bürokratik məsələlərin daha sürətli və səmərəli şəkildə həll olunması, eləcə də iki ölkənin orta məktəbləri arasında daha sıx əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Müzakirə çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələri maraqlandıran məsələlər də gündəmə gətirilib. Xüsusilə son dövrlərdə Türkiyədə artan təhsil haqları ilə bağlı tələbələr arasında yaranan narahatlıqlar ifadə olunub və bu mövzuda hansı addımların atıla biləcəyi barədə fikir mübadiləsi aparılıb.
Yurdagül Aydoğan təhsil haqları məsələsində birbaşa səlahiyyətli qurum olmadıqlarını bildirməklə yanaşı, mövcud narahatlıqların müvafiq çərçivədə dəyərləndirilə biləcəyini və mümkün istiqamətlər üzrə fikir mübadiləsinin davam etdirilməsinin faydalı olacağını qeyd edib.
Görüş zamanı Yurdagül Aydoğanın məsələlərə həll yönümlü, müsbət və konstruktiv yanaşması AZMODER nümayəndələri tərəfindən məmnunluqla qarşılanıb.
AZMODER olaraq səmimi qəbula, göstərilən diqqətə və faydalı fikir mübadiləsinə görə Türkiyə Respublikasının Bakı Təhsil Müşaviri Yurdagül Aydoğana təşəkkürümüzü bildiririk.
