top of page

2026-cı il tələbə əfvi rəsmiləşdi: Universitetə qayıdış üçün müraciətlər başladı

Azmoder

09.08.2026

Türkiyədə universitetlə əlaqəsi kəsilən və ya qəbul hüququ qazandığı halda qeydiyyatdan keçməyən tələbələrə yenidən təhsilə qayıtmaq imkanı verən 7592 saylı Qanun 9 avqust 2026-cı il tarixində Rəsmi Qəzetdə yayımlanaraq qüvvəyə minib.

Türkiyədə uzun müddətdir gözlənilən tələbə əfvi rəsmiləşib.

30 iyul 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisində qəbul edilən 7592 saylı “Yükseköğretim Kanunu ile Bazı Kanunlarda Değişiklik Yapılmasına Dair Kanun”, 9 avqust 2026-cı il tarixli və 33335 saylı Rəsmi Qəzetdə yayımlanaraq qüvvəyə minib.

Qanunun 14-cü maddəsi ilə 2547 saylı Yüksəköğretim Qanununa əlavə edilən Müvəqqəti maddə 85 tələbə əfvinin əhatə dairəsini, müraciət müddətini və tələbələrə veriləcək hüquqları müəyyən edir.

Kimlər tələbə əfvindən yararlana bilər?

Yeni qanuna əsasən, Türkiyədəki ali təhsil müəssisələrinin:

  • hazırlıq sinfində;

  • önlisans proqramlarında;

  • lisans tamamlama proqramlarında;

  • bakalavr proqramlarında;

  • magistratura və doktorantura proqramlarında

təhsil alarkən universitetlə əlaqəsi hər hansı səbəbdən kəsilən tələbələr yenidən təhsilə qayıtmaq üçün müraciət edə biləcəklər.

Bu hüquq universitetdən öz istəyi ilə ayrılan tələbələrə də şamil olunur. Bundan əlavə, hər hansı ali təhsil proqramına qəbul hüququ qazandığı halda vaxtında qeydiyyatdan keçməyən şəxslərə də müraciət imkanı verilib.

Qanunda vətəndaşlıqla bağlı ayrıca məhdudiyyət müəyyən edilmədiyindən, göstərilən şərtlərə uyğun gələn azərbaycanlı və digər beynəlxalq tələbələrin də bu imkandan yararlanması nəzərdə tutulur. Bununla belə, müraciətlərin qiymətləndirilməsi və qeydiyyat prosedurları müvafiq universitetlərin və YÖK-ün müəyyən edəcəyi tətbiq qaydalarına əsasən aparılacaq.

Son müraciət tarixi nə zamandır?

Qanun 9 avqust 2026-cı il tarixində qüvvəyə minib. Tələbələr həmin tarixdən etibarən 4 ay ərzində, yəni ən gec 9 dekabr 2026-cı il tarixinədək universitetlə əlaqələrinin kəsildiyi və ya qeydiyyat hüququ qazandıqları ali təhsil müəssisəsinə müraciət etməlidirlər.

Müraciəti qəbul edilən şəxslər 2026–2027-ci tədris ilində təhsillərinə yenidən başlaya biləcəklər.

Qanun qüvvəyə mindiyi tarixdə Türkiyədə hərbi xidmətdə olan şəxslər isə tərxis olunduqları tarixdən sonra iki ay ərzində müraciət etməklə bu hüquqdan yararlana biləcəklər.

Yatay keçid imkanı da yaradılıb

Əfv çərçivəsində əvvəlki universitetinə qeydiyyatdan keçən tələbələr, ali təhsilə qəbul olduqları ildəki ÖSYS/YKS balı uyğun gəldiyi halda eyni və ya fərqli diplom proqramına yatay keçid üçün müraciət edə biləcəklər.

Qəbul ediləcək tələbələrin sayı, proqramın mövcud tələbə sayı və universitetin fiziki imkanları nəzərə alınmaqla müəyyən ediləcək. Yatay keçidlə bağlı tətbiq qaydalarını universitetlərin senatları hazırlayacaq.

Tələbə statusunu yenidən qazanan şəxslərə uyğun proqram mövcud olduğu halda Anadolu Universiteti, Ankara Universiteti, Atatürk Universiteti və İstanbul Universitetinin açıq təhsil proqramlarına yatay keçid üçün müraciət etmək hüququ da verilib.

Kimlər əfvdən yararlana bilməyəcək?

Qanunda müəyyən istisnalar nəzərdə tutulub. Aşağıdakı səbəblərlə universitetlə əlaqəsi kəsilən şəxslər tələbə əfvinin əhatəsinə daxil edilməyib:

  • terror və qanunda göstərilən ağır cinayətlərə görə məhkum edilənlər;

  • saxta sənəd təqdim etdiyi üçün qeydiyyatı ləğv olunanlar;

  • qeydiyyat zamanı saxta sənəd verənlər;

  • müəllif hüquqlarına qarşı qanunda göstərilən cinayətlərə yol verənlər;

  • dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərən təşkilat və strukturlarla əlaqəsi səbəbindən universitetdən xaric edilənlər.

Polis Akademiyası, Jandarma və Sahil Güvenlik Akademiyası, Millî Savunma Universitetinin hərbi məktəbləri və qanunda göstərilən digər xüsusi təyinatlı təhsil müəssisələri də tələbə əfvinin əhatəsinə daxil deyil.

Tələbələr nə etməlidir?

Əfvdən yararlanmaq istəyən tələbələrin ilk növbədə əlaqələrinin kəsildiyi və ya vaxtilə qeydiyyat hüququ qazandıqları universitetin rəsmi elanlarını izləməsi lazımdır. Universitetlər müraciət tarixləri, tələb olunan sənədlər, qeydiyyat üsulu və təhsilə başlama prosedurları ilə bağlı ayrıca elanlar yayımlayacaqlar.

AZMODER olaraq Türkiyədə təhsilini yarımçıq qoymuş azərbaycanlı tələbələrə müraciəti son günlərə saxlamamağı, əvvəlki tələbə sənədlərini indidən hazırlamağı və yalnız universitetlərin rəsmi açıqlamalarına əsasən hərəkət etməyi tövsiyə edirik.

Meşrutiyet mahallesi, Konur sokak, Özsoy İş Merkezi, No: 25/13, Çankaya, Ankara.

info@azmoder.org

  • LinkedIn
  • Instagram
  • Facebook
  • Twitter
  • YouTube
  • TikTok
bottom of page