
Azmoder
7 Mart 2025
AZMODER-in ilk böyük mədəniyyət tədbiri 07.03.2025 tarixində ODTÜ Kültür ve Kongre Merkezi-də İACES METU Yerel Komitesi və Azərbaycan Respublikası Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə keçirildi.
07 mart 2025-ci il tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Dərnəyi olaraq ilk böyük mədəniyyət tədbirimizi bizim üçün xüsusi mənası olan Orta Doğu Teknik Universitetində — ODTÜ-də həyata keçirdik.
Dərnək ideyasının formalaşdığı və inkişaf etdiyi məkanlardan biri olan ODTÜ-də belə bir tədbirlə fəaliyyətə başlamaq bizim üçün ayrıca qürurverici oldu. Tədbir İACES METU Yerel Komitesi və Azərbaycan Respublikası Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə ODTÜ Kültür ve Kongre Merkezi-də təşkil edildi.
“Azerbaycan–Türkiye Kültür Etkinliği” adı ilə keçirilən proqramda Azərbaycan musiqisi, rəqsi və mədəniyyətinin müxtəlif nümunələri təqdim olundu.
Tədbirdə tanınmış sənətçilər Çinarə Məlikzadə və Turan Manafzadə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi Zəngəzur Rəqs Topluluğu iştirak etdilər.
Proqram çərçivəsində iştirakçılar Azərbaycan mədəniyyətinin zənginliyini, milli rəqs və musiqi ənənələrini yaxından tanımaq imkanı əldə etdilər. Tədbir həm azərbaycanlı tələbələrin bir araya gəlməsi, həm də Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin mədəni sahədə daha da gücləndirilməsi baxımından önəmli bir addım oldu.
AZMODER olaraq inanırıq ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yalnız akademik deyil, həm də mədəni və sosial sahələrdə fəal iştirakı böyük əhəmiyyət daşıyır. Bu tədbir də iki qardaş ölkənin ortaq dəyərlərinin tələbələr vasitəsilə yaşadılması və daha geniş auditoriyaya çatdırılması baxımından dəyərli olmuşdur.
Tədbirin həyata keçirilməsində əməkdaşlıq edən İACES METU Yerel Komitesinə, Azərbaycan Respublikası Mədəniyyət Mərkəzinə, sənətçilərimizə və iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildiririk.
